🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

09.11.2024 17:57 53 baxış sayı 4 dəq. oxuma
Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.

Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır?

Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır:

Yeni il bayramı (Yanvarın 1 və 2-si);

Beynəlxalq Qadınlar Günü (Martın 8-i);

Faşizm üzərində Qələbə günü (Mayın 9-u);

Müstəqillik Günü (Mayın 28-i);

Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı);

Zəfər Günü (noyabrın 8-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u);

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

Novruz bayramı - 5 gün;

Qurban bayramı - 2 gün;

Ramazan bayramı - 2 gün.

Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsi üzrə 151 iş saatı var. Bu da o deməkdir ki, vəzifə maaşı 1000 olan işçinin həmin ay üzrə 1 saatlıq əməkhaqqı məbləği 6 manat 60 qəpikdir, 1 günlük maaşı isə 52 manat 80 qəpikdir. Bayram günlərində işləməyə görə isə bu məbləğlər 2-yə vurulmaqla hesablanıb əmək haqqına əlavə edilir.

Həmçinin aylıq maaş alan işçilərə bayram gününə görə əlavə ödəniş, iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla verilməlidir. Əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, işçiyə maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əlavə əməkhaqqı ödənilir.

Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bayram günləri işə çıxmasına, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda razılıq verilir.

Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi isə ümumiyyətlə qadağandır.

Paylaş: