🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq

16.11.2024 18:52 63 baxış sayı 3 dəq. oxuma
Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq

Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt vətəndaşına qarşı dələduzluq edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 36 yaşlı Aytəkin Səmədova (ad və soyad şərti) "Snapchat"da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib.

Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub.

Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir gətirəcək bir iş görmək istədiyini deyib. Aytəkin onu inandırıb ki, Bakıda gəlir qazanmağın ən yaxşı yollarından biri mənzil alıb əcnəbi qonaqlara kirayə verməkdir. Əcnəbi vətəndaşların Azərbaycanda mənzil ala bilməməsini yalandan əsas gətirib. Təklif edib ki, mənzil onun adına alınsın, Abdullah bununla razılaşıb. Aytəkin Bakıya qayıtdıqdan sonra işə başlaması üçün ona 497 min 478 manat pul göndərilib. Qadın həmin pulun 382 min manatına mənzil alıb, qalanını isə şəxsi mənafeyinə sərf edib.

Abdullah məhkəmədə deyib ki, Aytəkin mənzilə sahibləndikdən sonra onunla münasibətləri soyudub. Bu hal da onda şübhələr yaradıb. Bundan sonra ilk işi Bakıda vəkil bürolarından biri ilə əlaqə yaratmaq olub. Hüquqşünasdan əcnəbilərin Azərbaycanda mənzil alması üçün hər hansı ciddi qadağa olmadığını öyrəndikdən sonra aldadıldığını dərk edib. Onun şikayəti əsasında Aytəkin cinayət məsuliyyətinə cəlb edilib. İbtidai və məhkəmə istintaqı gedişində onun həbsinə zərurət görülməyib, proseslərə evindən gəlib-gedib.

Xanım müttəhim məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, Abdullahla evlənmək məqsədilə münasibət yaradıb. Sözügedən mənzil də məhz birlikdə yaşamaları üçün alınıb. Münasibətləri pozulduqdan sonra mənzili satıb. O, son olaraq mənzilin ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olduğunu deyərək məhkəmədən bəraət istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə verilmiş ittihamın əsaslı olduğu sübut edilib. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər xanım müttəhimin həqiqətən də əcnəbi vətəndaşa qarşı dələduzluq etdiyi qənaətinə gəliblər.

Hökmə əsasən, Aytəkin 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Paylaş: