🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var

30.10.2024 17:32 48 baxış sayı 4 dəq. oxuma
Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var

1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər ölüm hökmü verilən şəxslərin hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib.

Həmçinin, 2024-cü ildə bir neçə iş üzrə məhkəmələrdə ömürlük həbs qərarı çıxarılıb. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd edənə, 20 yaşlı həyat yoldaşı və 9 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verilib.

2024-cü illə bağlı statistik rəqəmlər açıqlanmasa da, əvvəlki illərdə ömürlük həbs edilənlərin sayı məlumdur.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 1998-2023-cü illər ərzində 297 nəfər barədə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

Ancaq bu müddət ərzində onlardan bəziləri əfv edilib. Ölüm hökmünün ləğvindən sonra cəzası ömürlük həbsə çevrilənləri və əfv edilənləri nəzərə alsaq, qeyd edə bilərik ki, Azərbaycanda təxminən 300-ə yaxın ömürlük həbs cəzası çəkən var.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə deyib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası tarixdə ilk dəfə Roma İmperiyası dövründə tətbiq olunmağa başlayıb:

"Romada ağır cinayət törədən şəxslərə ölüm cəzası və ya ömürboyu icbari əmək cəzası verilirdi. Bu cəza sistemi cinayətkarları cəmiyyətdən təcrid etmək məqsədi daşımaqla hazırkı qanunvericiliklərdə mövcud olan ömürlük azadlıqdan məhrum etmə cəzasının əsasını qoymuşdur. Ancaq müasir dünyada istifadə edilən ömürlük azadlıqdan məhrum etmə cəzası Avropada XVIII əsrdən etibarən tətbiq edilməyə başlamışdır. Bu dövrdə bir çox ölkə edam cəzasına alternativ olaraq bu cəzanın tətbiqinə keçmişdir. Xüsusilə İngiltərədə ölüm cəzası əvəzinə ömürlük həbs cəzası vermək meyli XIX əsrin sonlarında geniş yayılmışdır".

Vəkilin sözlərinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası cəza növlərindən biri kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 42-ci maddəsində öz əksini tapıb:

Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir".

C.Qasımzadə qeyd edib ki, sözügedən cəza hər kateqoriya cinayət əməlinə görə yox, yalnız törədilən cinayət əməli yuxarıdakı kateqoriya cinayətlərə aid olduqda tətbiq edilir:

"Sülh və insanlıq əleyhinə törədilən cinayətlər isə CM-in 16-cı fəslində, müharibə cinayətləri 17-ci fəslində, şəxsiyyət əleyhinə olan cinayətlər 18-ci fəslində, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər 19-cu fəslində, dövlət hakimiyyəti əleyhinə törədilmiş cinayətlər isə 20-ci fəslində yer alır. Bir daha qeyd etmək istərdim ki, bu cinayətləri törətmiş şəxslərə o halda ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilir ki, törədilən cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına (Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur) aid olsun".

Etiketlər

Paylaş: