
İranın "Dəmir Günbəz"i Necə Yarması Mümkün Oldu?

İsrail ilə İran arasında gərginlik pik nöqtəsinə çatıb. Son günlər İsrail, İran ərazisində yüksək rütbəli hərbi hədəflərə, o cümlədən Baş Qərargah Rəisi və İnqilab Keşikçiləri Korpusunun komandirinin yaşadığı yerlərə hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşların da həlak olduğu bildirilir. İsrailin bu əməliyyatlarına cavab olaraq, İran əvvəlcə ballistik raketlərlə hücum edib. Onlarla atılan raketin əksəriyyəti İsrailin "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən havada məhv edilib. Lakin, bəzi raketlər hədəflərinə çataraq yaşayış məntəqələrində və infrastrukturda dağıntılara səbəb olub.
Ən diqqət çəkən hadisə isə İranın bir gün sonra ikinci hücum dalğası olub. Bu dəfə ballistik raketlərlə yanaşı, hipersonik raketlər ("Fəttah-Fəttah 2") də istifadə olunub. "Dəmir Günbəz"in bu raketləri dayandırmaq üçün yetərsiz olduğu müşahidə edilib. İsrail ərazisinə çatan hipersonik sursatlar, hava hücumundan müdafiə batareyaları və komanda mərkəzləri də daxil olmaqla, bir çox strateji hədəfi vurub.
Bəs bu hipersonik raket nədir və necə işləyir? Hipersonik raketlər səsin sürətindən ən az beş dəfə (Maxt 5) və daha artıq sürətə çata bilən yeni nəsil sursatlardır. Bu sürət təxminən saniyədə 1,7 kilometrdir. Aerodinamik quruluşu və manevr imkanları sayəsində həm yuxarı atmosferdə, həm də aşağı hündürlüklərdə proqnozlaşdırıla bilməyən trayektoriyalar üzrə hərəkət edə bilir. Bu raketlər iki əsas kateqoriyaya bölünür: hipersonik planör aparatları (HGV) və hipersonik qanadlı raketlər. Planör tipli sistemlər adətən ballistik daşıyıcı vasitəsilə müəyyən hündürlüyə qaldırılır və sonra hədəfə doğru sürüşür. Qanadlı raketlər isə təyyarə mühərriki kimi işləyən skramjet texnologiyası sayəsində sabit və yüksək sürətlə hərəkət edir. Klassik ballistik raketlərdən fərqli olaraq, hər iki tip atmosferdə istiqamətini dəyişə bilir. Bu da onları mövcud radar və hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəf halına gətirir. Hipersonik raketlərin dəqiqlik dərəcəsi olduqca yüksəkdir. Müasir modellərdə sapma həddi bir neçə metrə qədər məhdudlaşdırıla bilər. Daşıdıqları döyüş başlıqları növlərindən asılı olaraq dəyişsə də, adi partlayıcı maddələrdən nüvə döyüş başlıqlarına qədər geniş spektr mövcuddur. Sürətləri sayəsində təsir zamanı kinetik enerji ilə də yüksək zərər verə bilər. Bu tip raket birbaşa dəyilməyən obyektlərdə də ciddi struktur dağıntılarına səbəb ola bilər.
Son hücumlar bir daha göstərdi ki, müasir müharibə şəraitində yalnız bir növ hava hücumundan müdafiə sistemi ilə tam qorunma təmin etmək mümkün deyil. İsrailin istifadə etdiyi "Dəmir Günbəz" sistemi qısa və orta mənzilli raketlərə qarşı olduqca effektiv bir sistemdir. Lakin, bu sistem yüksək sürətli, istiqamətini dəyişə bilən və yüksək hündürlükdə uçan hipersonik raketlər kimi təhdidlərə qarşı kifayət qədər qoruma təmin edə bilmir. Bu vəziyyət yalnız İsrail üçün xas deyil. Dünyanın bütün müasir orduları təhdidlərin müxtəlifliyi səbəbindən çox qatlı hava hücumundan müdafiə arxitekturalarına ehtiyac duyur. Türkiyənin inkişaf etdirdiyi "Polad Günbəz"ə bənzər sistemlərdə də oxşar anlayış qəbul olunur. Çox qatlı müdafiə quruluşunda hər bir təhdid növü üçün müvafiq ölçülü, mənzilli və reaksiya vaxtlı müxtəlif sistemlər birlikdə işləyir. Məsələn, aşağı hündürlükdə mini PUA-lar, orta mənzilli qanadlı raketlər və yüksək hündürlükdə hipersonik raketlər eyni sistem deyil, müxtəlif qatlar tərəfindən dayandırılır. Hipersonik raketlərə qarşı effektiv müdafiə üçün isə ənənəvi radarlar və kinetik məhv sistemlərindən başqa yeni texnologiyalara ehtiyac var. İnfraqırmızı aşkarlama, peyk dəstəkli izləmə sistemləri və yönəldilmiş enerji silahları kimi həllər gələcəkdə bu təhdidə cavab verməkdə daha effektiv ola bilər.
Qeyd etdiyimiz kimi, İsrailin "Dəmir Günbəz" sistemi qısamənzilli raket hücumlarına qarşı yüksək uğur nisbətinə malikdir və bu günə qədər minlərlə raketi neytrallaşdırıb. Lakin, hipersonik raket təhdidi bu sistemin əhatə dairəsindən kənarda qalır.
Oxşar xəbərlər

Qarabaşaq yarmasını bununla yeyin
Tibbi məlumatlar

5 kilo arıqlamaq üçün qarabaşaq yarmasını belə yey...
Tibbi məlumatlar

İranın 10 hərbçisi həlak oldu -KİV
Bugun.az

Biden İsrailin İran planını açıqladı
Son Xeberler

İran üzərinə hücum planı hazırlandı: Tarix açıqlan...
Son Xeberler

Qonşu ölkədə güclü zəlzələ oldu
Bugun.az