Baydenin Türkiyə və Rusiya ilə bağlı PLANI ÜZƏ ÇIXDI
"Qərb üçün Türkiyə "meqa strateji” önəmə malikdir”; Ağ Ev öz əli ilə öz ayağına atəş açarmı?
Türkiyə ilə Qərb arasında ciddi təlatümlər yaşanır. Qərbin aparıcı media orqanlarında demək olar ki, hər gün bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Məsələn, dünyanın nüfuzlu nəşrlərindən olan "The Financial Times”ın yazarı David Gardner "Turkey is Europes other major headache” (Türkiyə Avropanın başağrılarından biridir) adlı yazısında bu münasibətlərin müxtəlif aspektlərini nəzərdən keçirib. Gəldiyi son qənaət ümidverisicidir. O yazır ki, Avropa Birliyi ilə prezident Ərdoğanın münasibətləri çökmüş durumdadır, ancaq vəziyyətdən çıxmaq üçün xilas yolları hələ də qalıb”.
Aydın görünür ki, Rəcəb Tayyıp Ərdoğan xaricdə sərt güc nümayiş etdirməyin, mövqeyində qeyri-müəyyənlik olan avropalılarla yumşaq güc nümayişindən daha effektli olduğuna əmindir.
Müəllif cənab Ərdoğanın iştirakı ilə Bakıda keçirilən parada da toxunur və bu hadisəni "Pan-Türkçü qələbə paradı” adlandırır.
Vurğulayır ki, ermənilərin üzərində bu qələbənin əldə olunması naminə Türkiyə Azərbaycana kömək edib.
Məqalədə deyilir ki, Avropa Birliyinin Türkiyəyə təzyiq imkanları var. Belə ki, Türkiyənin ticarət əlaqələrinin və qoyulan sərmayələrin yarıdan çoxu Avropanın payına düşür: "Birləşmiş Ərəb Əmirliyinin İsrail ilə yaxınlaşması Türkiyəni hərəkətə keçməyə vadar etdi. İndi Türkiyə ilə İsrail arasında münasibətlərində yaxşılığa doğru dəyişiklik baş verir. Avropa Birliyi və Qərb bu tendensiyanı nəzərə almalıdır”.
Türkiyənin problemi Avropa Birliyi ilə məhdudlaşmır. ABŞ-la da Türkiyənin ciddi problemləri var. Bəri başdan onu deyək ki, bu problemlərin yaranmasının əsas səbəbi Türkiyənin böyümək və təsir dairəsini genişləndirmək istəyi ilə bağlıdır. Bu isə Qərbdə təlaş doğurur. İstisnasız olaraq bütün Qərb mediası Türkiyənin güclənmək, siyasi və iqtisadi müstəvidə real söz sahibi olmaq cəhdini "Yeni Osmançılıq” (Neo-Ottomanism.Türkiyənin Osmanlı İmperatorluğunun dini, mədəni və siyasi irsinə sahib olmasını müdafiə edən ideologiya. E.H.) damğası vururlar və Türkiyə siyasətində qabarıq nəzərə çarpan bu ideologiyanın anti-bəşər bir şey kimi-az qala faşizm kimi təqdim etməyə çalışırlar.
Gəlin görək bu məsələyə Amerikanın baxışı necədir. Məsələn, ABŞ-ın media nəhənglərindən olan "CNBC” "Erdogan should be very, very worried: What the Biden presidency means for Turkey” (Ərdoğan çox, özü də lap çox narahat olmalıdır: Baydenin prezidentliyi Türkiyə üçün hansı anlama gəlir( Türkiyəyə nə vəd edir)) adlı məqalə gedib. Nataşa Turak-ın qələmə aldığı məqalədə xeyli diqqətçəkən məqam var. Bu yazıda da optimist yanaşma diqqət çəkir.
Müəllif əsasən iki məqamı qabardır:
1) Prezident kürsüsünü tərk etməyə hazırlaşan Donald Tramp dönəmində NATO müttəfiqləri arasında narazılıqlardan doğan qaynar nöqtələr yarandı. Ancaq cənab Tramp ilə cənab Ərdoğan arasında olan şəxsi dostluq münasibətləri sayəsində bu gərginliyi hamarlamaq mümkün oldu.
2) Co Bayden administrasiyası dönəmində əvvəl yaranmış qaynar nöqtələr partlaya bilər. Ancaq həmin qaynar nöqtələrin aradan qaldırılması şansı da var.
Müəllif bildirir ki, istənilən halda gələn dörd il Türkiyə ilə rəsmi Vaşinqton arasındakı münasibətlər əvvəlki kimi olmayacaq.
Pentaqonun keçmiş məmuru Michael Rubin CNBC-yə deyir ki, son dörd ildə ABŞ ilə Türkiyənin münasibəti Tramp ilə Ərdoğanın şəxsi münasibəti üzərində dayanıb: "Cənab Tpampın kənarlaşmasından sonra Ərdoğan çox, özü də lap çox narahat olmalıdır”. Çünki Ankara ilə Vaşinqtonun arasında geo-siyasi yanaşmada, müttəfiqlik münasibətlərinin dəyərləndirilməsində və idarəetmədə ziddiyyətlər var.
Bəs, ABŞ ilə Türkiyə arasındakı münasibətlərdə ziddiyət hansı məsələlərlə bağlı ortaya çıxır? Nataşa Turak yazır ki, Türkiyədə mövcud olan insan hüquqlarının vəziyyəti amerikalı demokratları qane etmir. Türkiyənin NATO-dakı müttəfiqlərini qəzəbləndirən və ABŞ-ı sanksiyalara sövq edən addımı Rusiyanın S-400 raket sistemini satın alması ilə bağlıdır.
Türkiyənin Suriyanın şimalında yer alan Amerikanın kürd müttəfiqlərinə qarşı hərbi əməliyyatları da Vaşinqtonun ürəyincə deyil. Ankaranın Suriyada dəstək verdiyi islamçı ekstremist qruplar var. Amerika onları terrorçu sayır, Türkiyə isə bölgədəki maraqlarını qorumaq üçün həmin qrupa dəstək verir.
Bunlar hələ hamısı deyil. Müəllif yazır ki, qaz qaynaqlarının axtarışı zamanı cənab Ərdoğanın Yunanıstan və Kiprə qarşı Şərqi Aralıq dənizində sərt yanaşma nümayiş etdirməsi də Amerikanın xoşuna gəlmir.
Türkiyənin ABŞ-ın sanksiyalarından yayınmaq üçün İrana kömək etməsi də Vaşinqtonu narahat edir. İncirlik hava bazasında 50 ədəd nüvə başlılqlı bomba var. Cənab Ərdoğan deyir ki, Türkiyə ABŞ sanksiyalarına məruz qalacağı təqdirdə həmin hərbi bazanı qapadacaq.
Müəllif xatırladır ki, cənab Bayden ötən ilin yanvarında verdiyi müsahibədə Tayyib Ərdoğanı "autokrat” adlandırmışdı. Suriyada kürdlərə qarşı Ərdoğanın sərt addımlar atmasını pisləmişdi və "bunun cavabını verəcəkdir”, demişdi. Təklif etmişdi ki, "ABŞ Türkiyə müxalifətinə dəstək verməlidir ki, onlar Ərdoğana qalib gəlsinlər. Hərbi çevriliş yolu ilə deyil, seçki üzərindən buna nail olsunlar”.
Təbii ki, "CNBC” ABŞ-ın Avropa Birliyi ilə birlikdə 2016-cı ilin 15 iyulda Türkiyədə həyata keçirməyə cəhd göstərdiyi hərbi çevrilişin üstündən sükutla keçir. Ancaq iki ölkə arasında münasibətlərin gərginləşməsində bu məsələ həlledici rol oynayıb. 1999-cü ildən Amerikada yaşayan, hazırda 79 yaşı olan Fətullah Gülən hərbi çevrilişə dəstək verən əsas fiqurlardan biridir. Rəsmi Ankaranın təkidli tələblərinə məhəl qoymayan Ağ Ev hələ də Fətullah Güləni Türkiyə Ədalət Məhkəməsinə təslim etməyib.
Ancaq Co Bayden "Müxalifət Ərdoğana hərbi çevriliş yolu ilə deyil, seçki üzərindən qalib gəlsin”, deməklə sözügedən hərbi çevriliş cəhdinin arxasında Türkiyə müxalifətinin olmasını dolayısı ilə etiraf edir.
Ərdoğan daha əvvəl Baydeni "müdaxiləçi” olduğuna görə tənqid edib. Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın çərşənbə günü Türkiyənin Bayden administrasiyasi ilə "yaxşı və müsbət gündəliyə” sahib ola biləcəyinə inandığını söyləyib və S-400 alışına görə Amerika tərəfindən tətbiq edilə biləcək istənilən cəzanın "səmərəsiz” olacağını bildirib.
Məqalədə vurğulanır ki, ABŞ və Avropa Birliyi Türkiyənin davranışından pərişandır. Ancaq Bayden administrasiyası Türkiyənin üzərinə yerisə, işləri daha da korlaya bilər. Belə ki, Qərbdən uzaqlaşan Türkiyə Rusiya və İranla daha da yaxınlaşar ki, bu da Qərbin maraqlarına uyğun deyil. Hadisələrin belə bir ssenari üzrə inkişafının doğura biləcəyi nəticələrə toxunan beynəlxalq "Economist Intelligence Unit” təşkilatının direktoru Agathe Demarais deyir: "Düşünün ki, ABŞ öz əli ilə öz ayağına atəş açmış olar. Türkiyə ABŞ-ın sərt sanksiyalarına məruz qalsa, Rusiya və İranla iki qat yaxınlaşacaq. NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Orta Şərqdəki Amerika əməliyyatlarına strateji giriş imkanı olan ölkədir. Ona görə də bir çoxu hesab edir ki, ABŞ-ın Türkiyəni rəqiblərinə güzəştə getməyi heç bir halda özünə rəva görə bilməz”.
"Bluebay Asset Management”-in inkişaf etməkdə olan bazarlar üzrə baş strateqi Timothy Ash Türkiyənin ABŞ və Avropa üçün "meqa strateji” önəm daşıdığını vurğulayır. Bu səbəbdən də Bayden Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa və Türkiyəni yenidən Qərbin müttəfiqi sırasına qaytarmaq üçün ikiqat çalışacaq”. "Düşünürəm ki, ABŞ üçün ən böyük təhlükə Çin və Rusiyadan gəlir. Türkiyəni Rusiyadan qoparmaq Bayden üçün böyük bir qələbə olacaq və düşünürəm ki, o, diqqətini bu hədəfə çatmaq üzərində cəmləşdirəcək”. /Musavat.com
Oxşar xəbərlər
Biden Braziliyaya qaçdı
Son Xeberler
Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? -
Son Xeberler
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı...
Son Xeberler
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? -
Son Xeberler
Dağlıq Qarabağ ilə bağlı
Son Xeberler
Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Son Xeberler