🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA: ''Covid 19-a qarşı peyvənd effektli olmayacaq''

07.08.2020 06:46 419 baxış sayı 8 dəq. oxuma
Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA:

"Bütün dünya payıza hazırlaşır”.

Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər:

"Çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə mutasiyaya uğrama ehtimalı, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür”.

Qeyd edək ki, artıq bir çox ölkələr payız, qış aylarında "Covıd-19"un ikinci dalğası ilə üzləşməmək üçün indidən hazırlıqlar görməyə başlayıb. Həmin tədbirlərdən biri də qripə qarşı peyvəndlə bağlıdır. Məsələn, qonşu Rusiya artıq sentyabr ayından qripə qarşı peyvənd kampaniyasına hazırlaşır. Ölkənin Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, Seçenov Universitetinin professoru Vladimir Çulanov bildirib ki, qrip əleyhinə peyvənd vurulmalıdır, xüsusən soyuq havaların başlaması ilə bədən zəifləməyə başlayanda:

"Bu il peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır. Qrip peyvəndlərinin koronavirus infeksiyasının növbəti dalğasının qarşısının alınmasında effektivliyi sübut olunmayıb. Lakin tamamilə istisna edilə bilməz”.

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür? Qripə qarşı peyvənd vurdurmaq nə dərəcədə zəruridir? Bu yolla özümüzü koronovirusdan nə qədər sığortalaya bilərik? Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronaviruslu xəstələrin müalicəsində iştirak edən Ədalət Rüstəm mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, mövcud qriplərə qarşı peyvənd vurulması müsbət haldır:

"Yəni 5-10 faiz onun effekti olur. Bu doğrudur ki, payız aylarında havalar soyuyan kimi qrip xəstəlikləri başlayacaq, o cümlədən də "Covıd-19" infeksiyası bu xəstəliklərə qoşulacaq. Bunun üçün ehtiyatlı davranmaq lazımdır”.

Həkim adi qriplə "Covıd-19"u necə fərqləndirilməsindən də danışıb:

"Bunları bir-birindən ayırmaq ilk vaxtlar çətin olacaq. Lakin onların fərqli cəhətləri var və bu haqda artıq insanlar məlumatlıdır. Belə ki, ”Covıd-19" qripində iy, dad bilmə hissiyyatı itir, öskürək davamlı olur, udqunmaq çətinləşir. Lakin adi qripdə simptomlar adətən yüngül keçir.

O ki qaldı peyvənd məsələsinə, adi qriplərin peyvəndi demək olar ki, effektsizdir. Yəni olmasa ondan yaxşıdır. Ümumiyyətlə, qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir. Onların effekti yoxdur. Bu baxımdan "Covıd-19"a qarşı hazırlanacaq peyvənd də o qədər də effektli olmayacaq.

İkinci bir tərəfdən, inanmıram ki, "Covıd-19"a qarşı hazırlanacaq peyvənd tez bir zamanda, yəni payızda aylarında icad olunsun. Bu baş versə belə, qeyd etdiyim kimi təsiri o qədər də effektli olmayacaq.

Bildiyiniz kimi, bundan əvvəl koronavirusun digər növləri olan "Sars”, "Mers” pandemiyası olub. Artıq həmin viruslar demək olar ki, yox olub. Bəzi dünya mütəxəssisləri buna əsaslanaraq bildirirlər ki, "Covıd-19" da onun kimi yox olub, bitəcək. ”Sars" və "Mers” pandemiyası 5-6 ay davam edib. "Covıd-19" da artıq 5 aydan çoxdur ki, ölkələri gücdən salıb. Ehtimal olunur ki, onunla bağlı da artıq təhlükə geridə qalıb. Yəni bütün bunların hamısı sadəcə ehtimaldır. Bu virusun bundan sonra necə davranacağı hələlik tibbə məlum deyil”.

Bəs Azərbaycanda qripə qarşı peyvənd neçəyədir və bu peyvənd kimlərə vurula bilər?

Qeyd edək ki, ölkədə qrip milli peyvənd təqviminə daxil olmadığı üçün peyvənd ödənişli əsaslarla özəl klinikalarda aparılır. Yəni kim peyvənd vurdurmağı arzulasa, özəl klinikalara ödənişli qaydada müraciət edə bilər.

Mütəxəssislər bildirirlər ki, qripə qarşı peyvənd təhlükəli virusa yoluxma ehtimalını azaldır, bədənin viruslara qarşı müqavimətini artırır. Beləcə, xəstəlik daha asan aradan qalxır və yayılmır. Qripə qarşı vaksini mövsümün əvvəlində, sentyabrdan noyabradək aparmaq daha məsləhətlidir. Bu müddət ərzində peyvənd vurularsa, epidemiya başlayana qədər insanda immunitet yaxşı formalaşır. Davamlı immunitet dərhal yaranmır, bu, ancaq 10-14 gündən sonra baş verir. Peyvənd uşaqlarda 6 ayından başlayır.

Qripə qarşı peyvəndin qiymətinə gəldikdə isə qeyd etdiyimiz kimi bu peyvənd bir sıra özəl klinikalarda aparılır. Məsələn, Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndi tətbiq edilir. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 55 manatdır. Mərkəzi Klinik Xəstəxanada bu qiymət 36 manat, digər klinikalarda isə 40-42 manatdır.

Paylaş: