🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Formula 1” öncəsi hava limanı sərnişinlərə müraciət etdi

18.09.2025 06:25 1 baxış sayı 3 dəq. oxuma
“Formula 1” öncəsi hava limanı sərnişinlərə müraciət etdi

Bakıda keçiriləcək "Formula 1 Azərbaycan Qran Prisi 2025" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bu yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, Azərbaycana gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

• Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

• Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

• Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

• Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

• "Aeroexpress" xidmətindən istifadə etmək: "28 May" metro stansiyasından hava limanına rahat və tıxacdan kənar çatmaq üçün "Aeroexpress" ictimai nəqliyyatından yararlanın.

• Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi "drop-off" zonalarından istifadə edin.

• Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

• Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Sərnişinlər səyahətini öncədən planlaşdırmaqla rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişini təmin edə bilərlər.

Paylaş: